Media Mükəmməllik Mərkəzinin yaradılması D-8 ölkələrinin əməkdaşlığını gücləndirəcək
21 noyabr 2025-ci il tarixində Bakıda keçirilən D-8 Media Forumunda Azərbaycanda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Media Mükəmməllik Mərkəzinin yaradılması istiqamətində strateji plan müzakirə olunub. Media Mükəmməllik Mərkəzinin strateji planı forum iştirakçılarına təqdim edilib. Günün sonuna qədər media ekspertlərinin və D-8 ölkələrinin dövlət rəsmilərinin tövsiyələrinin Media Mükəmməllik Mərkəzinin strateji planına daxil edilməsi istiqamətində işlər aparılacağı bildirilib.
Bu sözləri jurnalistlərə açıqlamasında Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov deyib.
"Düşünürük ki, gələcəkdə də belə media forumlarının keçirilməsi Azərbaycanın və həmin ölkələrin media subyektləri arasında əlaqələrin inkişaf etdirilməsinə dəstək olacaq. Hazırkı müzakirələr onu göstərir ki, bütün dövlətlər məhz belə bir media forumunun keçirilməsini dəstəkləyir və bunun illik əsasda keçirilməsi üçün müvafiq bəyanatla çıxış edəcəklər", – deyə Əhməd İsmayılov diqqətə çatdırıb.
O əlavə edib ki, Media Mükəmməllik Mərkəzi Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılıb.
"Mərkəzin yaradılmasında məqsəd D-8 ölkələrindəki media subyektlərinin əməkdaşları arasında əlaqələrin genişləndirilməsi, həmin media subyektləri tərəfindən dezinformasiya və saxta xəbərlərlə mübarizə aparılması, eyni zamanda, media sahəsində ixtisasartırma, xəbərlərin hazırlanması prosesinin təşkili və layihələrin həyata keçirilməsidir" – deyə Medianın İnkişafı Agentliyinin İcraçı direktoru bildirib.
